ABŞ şirkəti 20 yataq üzrə işlənmə planlarını təhlil edəcək

SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin Baş ofisində “DeGolyer and MacNaughton” şirkətinin prezidenti Con Villasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

R.Abdullayev SOCAR-ın layihələrindən söhbət açıb, hər zaman müasir texnologiyaların tətbiqində maraqlı olduqlarını bildirib. Səmimi qəbula görə təşəkkürünü bildirən “DeGolyer and MacNaughton” şirkətinin prezidenti Con Villas dünya neft sənayesinin inkişafında Azərbaycan neftçilərinin xüsusi yer tutduğunu qeyd edərək, SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Sonra SOCAR və “DeGolyer and MacNaughton” (ABŞ) şirkəti arasında “Yataqların işlənmə prosesinin səmərəliyini və SOCAR-ın neft-qaz yataqlarında hasilatı artırmaq üçün təhlil və texniki dəstək” üzrə müqavilənin imzalanma mərasimi keşirilib. Müqaviləyə əsasən “DeGolyer and MacNaughton” şirkəti SOCAR-ın mövcud və uzun müddət istismar olunan yataqlarında neft və qaz obyektlərinin səmərəli idarə olunması istiqamətində xidmətləri yerinə yetirəcək. Bu məqsədlə ABŞ şirkəti 20 yataq üzrə işlənmə planlarını təhlil edəcək, hasilat səviyyəsini və neftvermə əmsalını yüksəltmək, neftçıxarma xərclərini azaltmaq, təcili strateji hədəfləri müəyyən etmək üçün tövsiyələr hazırlayacaq və həyata keçirilməsində iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır