Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Abşeron rayonunda həmin rayonun, Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.
S.Müslümov vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı məqsədilə ötən dövrdə qəbul edilən Dövlət Proqramları Abşeron, Xızı rayonlarında, Sumqayıt şəhərində də dinamik inkişaf proseslərinə şərait yaratmaqla, çoxsaylı yeni iş yerlərinin açılmasına, bölgədə əmək resurslarının məşğulluq imkanlarının artmasına səbəb olub: “Ötən il də bu şəhər və rayonlarda əhalinin məşğulluğuna yönələn tədbirlər əmək bazarında sabitliyin davam etməsinə imkan verib. Bunun əyani ifadəsi kimi, 2017-ci ildə nazirliyin məşğulluq orqanlarına iş üçün edilən müraciətlərin sayı əvvəlki illə müqayisədə Abşeron, Xızı, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə də əhəmiyyətli şəkildə azalıb. Ötən il məşğulluq orqanlarının xətti ilə həmin şəhər və rayonlar üzrə 3517 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin olunub, 226 nəfər peşə hazırlığına cəlb edilib, özünüməşğulluq proqramı çərçivəsində isə 80 nəfər aztəminatlı ailənin kiçik ailə təsərrüfatları yaradılıb. Cari il ərzində özünüməşğulluq proqramının genişləndirilməsi şəraitində həmin şəhər və rayonlar üzrə də ümumilikdə 404 aztəminatlı ailənin (o cümlədən Abşeron rayonu üzrə 150, Sumqayıt şəhəri üzrə 200, Xızı rayonu üzrə 18, Qubadlı rayonu üzrə 36 aztəminatlı ailənin) aktivlərlə təmin edilməklə kiçik ailə təsərrüfatlarının formalaşdırılması planlaşdırılıb”.