İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznesin inkişafı istiqamətində dövlət qurumları ilə yanaşı, ali təhsil müəssisələri ilə də əlaqələrini genişləndirir.
BBN.az xəbər verir ki, yanvarın 16-da KOBİA və “ADA” Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.
Sənədə əsasən, KOBİA və “ADA” Universiteti gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, universitetin tədris-innovasiya infrastrukturundan kiçik və orta biznesin (KOB) faydalanması, bu ali təhsil müəssisəsində aparılan tədqiqat işlərindən KOB-larda istifadə, innovativ sahibkarlığın təşviqi üçün KOB-ların və startapların universitetlə qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi, KOB-un tələbatına uyğun ixtisaslar üzrə müasir təhsil proqramları, dərsliklər və metodiki vəsaitlərin hazırlanması, universitetin bakalavr və magistrlərinin özəl sektorda istehsalat təcrübəsi keçməsi və s. sahələrdə əməkdaşlıq edəcəklər.