29 sentyabr 2017-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun ofisində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev və Asiya İnkişaf Bankının (AİB) “İdarəçiliyin təkmilləşdirilməsi və dövlət maliyyəsinin səmərəliliyi” Layihəsi çərçivəsində ölkəmizə səfər edən faktaraşdırıcı missiyasına rəhbərlik edən Mərkəzi və Qərbi Asiya Departamentinin Dövlət İdarəçiliyi üzrə baş mütəxəssisi Tariq Niazi, Maliyyə Sektoru üzrə baş iqtisadçı Joao Farinha-Fernandes və AİB-nın Azərbaycandakı Daimi Nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev arasında görüş keçirilib. Əmanətlərin sığortalanması sahəsində cari islahatlar, planlar və maliyyə sektorunda onun funksiyası ilə bağlı fikir mübadiləsi aparmaq məqsədi ilə təşkil edilmiş görüş zamanı V.Abdullayev Fondun fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib, ölkədə əmanətlərin sığortalanması sisteminin uğurla inkişaf etdirilməsi üçün həyata keçirilən islahatlardan, qarşıda duran başlıca vəzifələr və onların həlli yollarından bəhs edib. Eyni zamanda görüşdə iştirak edən nümayəndə heyəti ilə Əmanətlərin Sığortalanması Fondu arasında Fondun gələcək inkişaf istiqamətləri, əmanətlərin sığortalanması haqqında qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər barədə müzakirələr aparılıb.
|