16 May 2018-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası İctimai Birliyi (AFBİA), İnvestAZ İnvestisiya Şirkəti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə Maliyyə və İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr üçün seminar keçirilmişdir.
AFBİA-dan verilən məlumata əsasən, seminarda, Assosiasiyanın İdarə Heyətinin Sədri Ceyhun İbrahimov çıxış edərək ölkəmizin maliyyə bazarları, mövcud investisiya imkanları və iqtisadiyyatda önəmləri barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir. Daha sonra İnvestAZ İnvestisiya şirkətinin əməkdaşı Rövşən Məmmədov seminar iştirakçılarına Beynəlxalq Maliyyə bazarlarındakı yatırım imkanlarından, analiz üsullarından məlumat vermiş, gələcəyin maliyyəçilərinə dünya maliyyə bazarlarına onlayn çıxış imkanlarını izah etmişdir.
Həmçinin Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rəhbərliyi tələbələrin maarifləndirilməsi istiqamətində göstərdikləri dəstəyə görə Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası İctimai Birliyi və İnvestAZ İnvestisiya Şirkətinə təşəkkür etmişdir. Bu cür seminarların gələcəyin iqtisadiyyatçıları üçün önəmini bir daha vurğulamışdır. Seminarın sonunda aktiv iştirak edən tələbələrə sertifikatlar verilmişdir.