19 may tarixində Ağsu rayonunda yerləşən “Az-Granata” zavodunun çoxsaylı əmək kollektivi üçün “Kütləvi çıxarış” kampaniyası keçirilib. Kampaniya çərçivəsində zavod əməkdaşları iş yerlərindən ayrılmadan, daha rahat və operativ şəkildə qeydiyyat xidmətlərindən faydalanıb. Bu sosial layihə işçilərə vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına dair sənəd almaq üçün əlavə ünvanlara getməməsinə şərait yaradıb. Həmçinin bu, müəssisədə iş rejiminin pozulmamasına, heyyətin işdən uzunmüddətli ayrılmamasına imkan verir.
Qeyd edək ki, Əmlak Məsələləri üzrə Komitənin əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə 50-ə yaxın zavod işçilərinə əmlaklarına dair hazır çıxarışlar birbaşa iş yerlərində təqdim edilib. Bu isə zavoda rayonun müxtəlif kənd və qəsəbələrindən həmçinin ətraf rayonlardan işləməyə gələn insanların əlavə məsafə qət etməsini aradan qaldırır, vaxtlarına qənaət etməyə imkan yaradır. Bu tədbirlərin keçirilməsində məqsəd əhalinin məmnunluq səviyyəsini artırılması, vətəndaşlara daha əlçatan və rahat şəraitdə ictimai xidmətlərin göstərilməsinə yönəldilib.
Bundan öncə İmişli, Xaçmaz və paytaxtda yerləşən bir neçə müəssisə, fabrik və zavodlarının işçiləri “Kütləvi çıxarış” kampaniyasından faydalanıb.