Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir. Azərbaycan Avropa İttifaqı ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşündə bildirib.
Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35%-dir. Azərbaycanda əsas kapitala yönəlmiş investisiyalarının ümumi həcmində Avropa İttifaqı ölkələrinın payı son 10 ildə 46%, qeyri–neft sektoruna birbaşa investisiyalarda isə 35%-dir. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1300-dən çox şirkəti fəaliyyət göstərir.
Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Tvinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. İndiyədək Aİ tərəfindən ölkəmizə 582 milyon avro məbləğində texniki yardım göstərilib.
Görüşdə Azərbaycanın nəqliyyat və energetika sahələrində də Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyi, bu istiqamətdə Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti, eləcə də Azərbaycanın böyük tranzit potensialından istifadə imkanları diqqətə çatdırılıb.