AİB-in ölkə üzrə Diaqnostik Tədqiqatının ilkin nəticələri müzakirə olunub

Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə Diaqnostik Tədqiqatının ilkin nəticələri müzakirə olunub.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) missiyası ilə görüş olub.
BBN.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, görüş AİB-in respublikamızda inklüziv və dayanıqlı inkişafla bağlı Ölkə üzrə Diaqnostik Tədqiqatının ilkin nəticələrinin müzakirəsi məqsədi daşıyıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin ölkədə dinamik iqtisadi inkişafa şərait yaratmaqla, eyni zamanda, inkişaf proseslərinin inklüziv əsaslar üzərində həyata keçirilməsini təmin etdiyini vurğulayıb.

Nazir müavini diqqətə çatdırıb ki, Dünya İqtisadi Forumunun “İnklüziv İnkişaf İndeksi 2018”də Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasında ilk üçlükdə, MDB məkanında isə birinci yerdə qərarlaşması bu sahədə respubikamızın uğurlarına beynəlxalq səviyyədə də yüksək qiymət verildiyini göstərir.

İ.İsayev AİB-lə ölkəmiz arasında fəal əməkdaşlığın mövcud olduğunu, bu əməkdaşlığın Təşkilatın 2014-2018-ci illər üzrə “Ölkə tərəfdaşlıq strategiyası” çərçivəsində davam etdirildiyini bildirib. Nazir müavini Strateji Yol Xəritələrində nəzərdə tutulan inklüziv və dayanıqlı inkişaf üzrə hədəflərə doğru aparılan siyasətin dəstəklənməsi məqsədilə AİB-in müvafiq mövzuda araşdırmalarının, Ölkə üzrə Diaqnostik Tədqiqat həyata keçirməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edək ki, görüş ölkə üzrə Diaqnostik Tədqiqatın ilkin nəticələrinə, inklüziv inkişaf şəraitində məşğulluq və sosial müdafiə siyasətinə dair müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır