Aktuari-sığorta müqavilələri ilə əlaqəli statistik maliyyə göstəriciləri əsasında iqtisadi-riyazi metodlarla sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayan riyaziyyatçıdır.
Aktuari riyazi məsələlərlə yanaşı, digər sahələrdən də xəbərdardır (məsələn, iqtisadi proqnozlar verilməsi üçün istifadə olunan məlumatlar sahəsi). Buna nail olmaq üçün o, riyaziyyat üzrə ali təhsillə yanaşı, müvafiq aktuar kurslarında keçirilmiş mühazirələri də əla mənimsəmişdir. Onun sığorta şirkətindəki funksiyalarına bir çox əməliyyatlar üzrə iqtisadi-riyazi hesablamalar daxildir. Məsələn, o, əhalinin ölüm statistikasını təhlil edərək ölüm cədvəlini əsas götürür, həyatı sığorta olunan şəxsin yaşına, cinsinə və digər hallara əsaslanaraq sığorta tarifini hesablayır və bu sığorta tarifi həmin şəxslə bağlı həyat sığortası müqaviləsinə tətbiq olunur. Müvafiq statistikanın təhlil olunması ilə sığorta tarifini, sığorta məbləğini, zərərliliklə bağlı göstəriciləri və s. hesablayan şəxs aktuari adlanır.