İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib.
Görüş zamanı bildirilib ki, Alman şirkətləri Cənub Qaz Dəhlizi layihəsində iştirak edirlər. Tvinninq layihəsi üzrə əməkdaşlıq çərçivəsində 11 layihə icra edilib, 3 layihənin icrası isə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsi əsasında sənaye sahəsində Peşə Tədris Mərkəzi yaradılır. Birgə proqram çərçivəsində 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib.
Diqqətə çatdırılıb ki, 24-25 noyabr tarixlərində Bakıda 6-cı iclası keçiriləcək Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək səviyyəli İşçi Qrupunun, eləcə də Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətlidir.