Almaniyalı investorlar Azərbaycanda özəlləşdirilmə prosesinə maraq göstərir

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri arasında 12 sentyabr tarixində görüş keçirilib.

Tədbirin məqsədi ölkədə aparılan özəlləşmə prosesi, prosesə xarici investorların cəlb edilməsi, iqtisadiyyata yatırılan kapitalın həcmində əcnəbi sərmayəçilərin payının artırılması, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə iştirakçıları məlumatlandırmaqdır. Həmçinin özəlləşməyə açılan müəssisələrin fəaliyyət sahələri, profilləri, iqtisadi göstəriciləri barədə informasiya vermək, palataya üzv olan şirkətlər arasında informasiya mübadiləsini gücləndirmək, əlaqələrin genişləndirilməsini təmin etmək də əsas vəzifələrdəndir.

Tədbirdə bildirilib ki, hazırda 120-dən artıq Almaniya və Azərbaycan şirkəti Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvüdür. Bu tədbirin keçirilməsi də həmin üzvlərin özəlləşdirilmə prosesində daha geniş iştirakına yeni imkanlar açır.

Qeyd edək ki, indiyə kimi Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Rusiya, Çin, Finlandiya, İsrail və digər dövlətlərin investorları Azərbaycanda həyata keçirilmiş özəlləşdirmədə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır