AMB uçot dərəcəsini aşağı salıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.

BBN.az xəbər verir ki, faiz dəhlizinin parametrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli  trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib.

Bu müsbət meyillərinin davam etməsindən asılı olaraq Mərkəzi Bank faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcək.

Qeyd edək ki, faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin aprel ayında müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır