Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” şirkətinin bu gün Londonda illik yığıncağı keçirilib.
Yığıncaqda şirkətin baş icraçı direktoru Reza Vəziri bildirib ki, 2016-cı ildə şirkətin gəlirləri cüzi artaraq 79 mln. dollara çatıb. Ötən il bir unsiya qızıl hasilatı üçün xərclər, 2015-ci ildəki 858 dollardan 616 dollara düşüb. Bunun nəticəsində, şirkət vergidən öncə rekord miqdarda – 6,8 mln. dollar mənfəət əldə edib. Ötən ilin sonuna isə şirkətin borcu 14 mln. dollar azalaraq 35 mln. dollar təşkil edib.
2016-cı ildə mis hasilatı əvvəlki illə müqayisədə 2 dəfə artaraq 1 941 tona, gümüş hasilatı isə 5,8 dəfə artaraq 165 131 unsiyaya çatıb. Ötən il 65 394 unsiya qızıl hasil edilib.
Qeyd edək ki, şirkət 2017-ci ildə Gədəbəy rayonunda 64-72 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırdığını bildirib. Şirkət rəhbəri bu ilin qalan hissəsi və 2018-ci il üçün optimist olduqlarını qeyd edib.