DGK ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Avqustun 8-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

BBN.az xəbər verir ki, imzalanma mərasimindən öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edərək bildirib ki, Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır, sahibkarlıq subyektlərilə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir və qanunvericilik ardıcıl olaraq təkmilləşdirilir.

Səfər Mehdiyev diqqətə çatdırıb ki, Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Məqsəd sahibkar məmnunluğuna nail olunmaqla xidmətlərin təşkili, göstərilən xidmətlər haqqında sahibkarların maarifləndirilməsi, eləcə də gömrük qanunvericiliyinin icrası zamanı dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, kiçik və orta biznesin ixrac potensialının artırılması məqsədilə qarşılıqlı fəaliyyətin təşkili və birgə layihələrin icra edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini tənzimləməkdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, bu tədbir dövlət xidmətlərinin effektivliyinin artırılması və bu xidmətlərdən kiçik və orta sahibkarlığın faydalanması baxımından dövlət qurumları arasında əməkdaşlığın vacibliyini bir daha nümayiş etdirir. 

Orxan Məmmədov qeyd edib ki, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək üçün birgə səylər göstəriləcək, bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə yaxından əməkdaşlıq ediləcək. Əlamətdar haldır ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi əməkdaşlıq və qarşılıqlı fəaliyyət göstərilməsinə dair ilk memorandumu Dövlət Gömrük Komitəsi ilə imzalayır. Memorandum qarşılıqlı fəaliyyət istiqamətləri və formalarını, mexanizimləri özündə əks etdirməklə yanaşı, sahibkarların xarici iqtisadi fəaliyyətinin daha şəffaf şəkildə həyata keçirilməsinə zəmin yardacaq, kiçik və orta sahibkarlar vaxt itkisi ilə üzləşmədən daha keyfiyyətli xidmətlər əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır