Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 aprel tarixindənnövbəti hərrac keçirilib. Budəfəki hərracda 5 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi, 1 nəqliyyat vasitəsi özəlləşdirilib.
BBN.az xəbər verir ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Qaradağ, Suraxanı rayonlarında, regionlar üzrə isə Ağcabədi, Astara, Salyan bölgələrində yerləşir.
Alıcıların hərraclarda aktivliyi prosesi daha da rəqabətli edib. Belə ki, Tofaş markalı nəqliyyat vasitəsinin hərracı zamanı təkliflər hər 60 saniyədən bir yenilənib. Nəhayət ilkin start qiyməti 1500 manat olan həmin avtomobil ən son 2300 manata özəlləşdirilib.
Budəfəki hərracda da rayon sakinlərindən biri onlayn hərraca qoşulmaq imkanından yararlanıb. Gəncə şəhərinin mərkəzində yerləşən ümumi faydalı sahəsi 200 kv.m-dən çox olan qeyri-yaşayış sahəsinin hərracına alıcı onlayn şəkildə qatılıb.
Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 2-si Bakının Nizami, Yasamal rayonlarında, digərləri isə Gəncə və Sumqayıt şəhərlərində yerləşir.
Qeyd edək ki, hərracda müxtəlif iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri də özəlləşdirilir.