AQTA sədri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Respublikası üzrə yeni nümayəndəsi Hande Harmancı ilə görüşüb.

BBN.az xəbər verir ki, Agentlik sədri xanım Hande Harmancını Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, ölkəmizdəki xidməti fəaliyyətində ona uğurlar arzulayıb.

Q. Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər haqqında xanım Harmancıya məlumat verib. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı qonağı məlumatlandırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı isə öz növbəsində səmimi görüşə görə məmnunluğunu ifadə edib, ölkəmizdəki fəaliyyəti dövründə birgə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri artıracağını vurğulayıb.

Görüşdə Agentliklə ÜST arasında birgə əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı əməkdaşlığın daha səmərəli təşkili üçün işçi qrupun yaradılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır