Dekabrın 16-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Salyanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Salyan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, taxılçılıq, kiçik cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması və soya əkini üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Salyan rayonundan olan 380-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6 mln. manat güzəştli kredit verilib. Qeyd olunub ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən 12800-dən çox sahibkara 503 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlər 39 mindən çox yeni iş yerinin açılmasına imkan verir.