ARDNF Mərkəzi Banka 2 milyon manatdan çox vəsait transfer edib

2017-ci ilin yanvar–iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 127,2 milyon manat, büdcə xərcləri isə  5 533,8 milyon manat təşkil edib.

I yarım il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 458,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 443,1 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 9,7 milyon manat  təşkil edib.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 668,4 milyon manata bərabər olub.

Yanvar-iyun ayları ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 2 991,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 56,4 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,7 milyon manat vəsait ayrılıb. 4,7 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə  2 448,3 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9,2 milyon manat təşkil edib.

Qeyd edək ki, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 98,4 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır