PAŞA Bank SIBOS 2017 beynəlxalq forumunda iştirak edib

Kanadanın Toronto şəhərində keçirilən miqyaslı beynəlxalq maliyyə forumu SIBOS 2017 işini 19 oktyabr tarixində tamamlayır. Hər il keçirilən tədbir çərçivəsində aparıcı maliyyə təşkilatları və korporasiyaları, maliyyə sektoru üçün avadanlıq istehsal edən müəssisələr, proqram təminatı tərtibatçıları, müstəqil məsləhətçilər ilə təmsil olunan konfrans və ixtisaslı bank texnologiyaları sərgisi də təşkil olunur. Belə ki, PAŞA Bank tədbirdə təkcə Azərbaycandan deyil, həm də bütün regiondan yeganə eksponent bank qismində çıxış edir.

Bu il “Building for the Future” adı altında təşkil edilmiş konfrans bankçılıq, komplayens, qiymətli kağızlar və yeni texnologiyalar kimi 4 əsas tematik mövzular ətrafında qurulub. İştirakçılar maliyyə sektorunun inkişafı ilə bağlı geniş çeşidli mövzuları, o cümlədən maliyyə texnologiyalarının (Fintech) tətbiqi fonunda bank seqmentinin inkişafı, maliyyə əməliyyatlarının təhlükəsizliyinin təminatı, o cümlədən potensial kiber təhdidlərdən və mümkün mənfi nəticələrdən müdafiə kimi məsələləri müzakirə edib. Konfransda çıxış edənlər və iştirakçılar qlobal maliyyə sənayesinin gələcəyi, o cümlədən pul və qiymətli kağızlar bazarlarında blokçeyn əməliyyatlarının perspektivləri, qlobal miqyasda ödəniş proseslərinin yaradılmasında yeni yanaşmalar və digər aktual mövzuların müzakirə edilməsinə xüsusi diqqət yetirib.

 

Qeyd edək ki , ümumdünya Banklararası Maliyyə Telekommunikasiya cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan SİBOS forum-sərgisində PAŞA Bank ardıcıl olaraq 8 ildir ki, iştirak edir. Növbəti il Forumun Avstraliyanın Sidney şəhərində keçirilməsi nəzərdə tutulur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır