29-30 may 2018-ci il tarixlərində Estoniyanın paytaxtında rəqəmsal dünyada vətəndaşlara elektron xidmətlərin təqdim edilməsi məsələlərinə həsr olunan “Governance for Digital Citizens” 2018 elektron hökumət üzrə illik Tallin Konfransı keçirilib.
Estoniyada keçirilən konfransda rəqəmsal texnologiyalar sahəsində bir neçə dünya şöhrətli ekspertlər toplanmış, eləcə də Azərbaycan da daxil olmaqla demək olar ki, 80 ölkədən olan nümayəndələrə elektron Estoniyanın son tendensiyaları təqdim edilib. İki günlük konfransda rəqəmsal proqramlar sahəsində 30-dan çox ekspert və lider iştirak edib. Bet Simone Novek, Endryu Kin, Genale Qolt və Nils Qodfredsen əsas məruzəçilərin sırasında idilər. Konfransı Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayd açıq elan etdi. Eyni zamanda Banqladeşin İKT məsələləri üzrə naziri Zunaid Əhməd Palak, Sent-Luisin Baş naziri Allen Şastane, Estoniyanın Xarici işlər naziri Sven Mikser, Estoniyanın sahibkarlıq və İT üzrə naziri Urve Palo, Avropa komissiyasının DG CONNECT üzrə Baş eksperti Vassilis Kopanas, ASAN Xidmət nəzdində Elektron Hökumətin İnkişafı Mərkəzinin rəhbəri Fariz Cəfərov, Smart Catalonia-nın direktoru Daniel Marko, Ukraynanın Elektron Hökumət üzrə Dövlət Agentliyinin rəhbəri Oleksandr Rıjenko, kənd təsərrüfatı və informasiya üzrə Estoniya birliyi direktorunun müavini Con Şamax və dünyanın hər yerindən ali təhsil müəssisələrinin bir çox nümayəndələri və rəhbər şəxsləri məruzələrilə çıxış ediblər.
Konfransın əsas məqsədi hökumətlərə mənalı və gələcəyə istiqamətlənən elektron xidmətlərin inkişafında kömək etməkdən ibarət idi. Eyni zamanda hökumətlərin elektron xidmətlərdən geniş istifadəyə önəm verdiyi hallarda xüsusi diqqət vətəndaşların və istifadəçilərin maraqlarına istiqamətlənib.
Avropa İttifaqı Şərq Tərəfdaşlığının Estoniya Mərkəzilə əməkdaşlıqda təşkil olunan Azərbaycan nümayəndə heyəti panelinin məruzələri xüsusi maraq doğurub. Burada Azərbaycanın innovasiyaları “Asan İmza” mobil elektron imzanın operatoru B.EST Solutions Azərbaycan şirkətinin təsisçisi və direktoru, İnnovasiyaların İxracı Azərbaycan Konsorsiumunun AZİNNEX üzvü xanım Yana Krimpe və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN Xidmət nəzdində Elektron Hökumətin İnkişafı Mərkəzinin rəhbəri Fariz Cəfərov tərəfindən təqdim edilib.
Bu paneldə ASAN konsepsiyası, elektron hökumətin infrastrukturu, Rəqəmsal Ticarət Qovşağı, “Asan İmza” ilə inteqrasiya olunan elektron xidmətlər də daxil olmaqla Azərbaycanın bütün innovativ nailiyyətləri təqdim edilib.
Azərbaycan eyni zamanda Avropa İttifaqı Şərq Tərəfdaşlığı ilə Avropa İttifaqı ölkələri arasında transsərhəd elektron xidmətlər modelinin müzakirəsi üçün nəzərdə tutulan paneldə də iştirak edib. Bu paneldə mümkün pilot layihələr – Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında elektron xidmətlərin transsərhəd mübadiləsi üzrə praktiki addımlar müzakirə mövzusu olub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs ilə Estoniyanın Elektron İdarəçilik Akademiyası arasında elektron hökumətin inkişafı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi tərəflər arasında elektron hökumətin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsidir.