“Asan İmza” “PKI-Forum Rusiya 2017” yubiley konfransında təmsil olunub

2017-ci ilin 12-14 sentyabr tarixlərində Sankt-Peterburqda Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi tərəfindən təşkil olunan açıq açar infrastrukturu və elektron imza problematikası üzrə “PKI-Forum Rusiya 2017” XV yubiley Beynəlxalq Konfransı baş tutub.

Konfransın işinin əsas mövzuları açıq açar infrastrukturu və onun əsasında həllərə etibar, PKI-da perspektiv texnologiyaların tətbiqinin aktual məsələləri, PKI sahəsində standartlaşdırma və elektron rəqəmsal imza, sertifikat xidmətləri mərkəzlərinin fəaliyyəti, elektron imzanın əməliyyat sistemlərində məhdudiyyətsiz tətbiqi, blokçeyn-texnologiyalarda PKI və digər məsələlər olub.

Konfransın işində Belorusiyadan, Qazaxıstandan, Azərbaycandan, Polşadan, Rusiya Federasiyasından, Özbəkistandan və digər ölkələrdən 300-dən çox nümayəndə iştirak edib.

Azərbaycanda Mobile ID Konsorsiumunun və “Asan İmza” mobil elektron imza xidmətinin operatoru hesab edilən B.EST Solutions Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe “Mobile ID – Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlərə təhlükəsizlik açarıdır” adlı məruzə ilə çıxış edib.

Bundan əlavə “PKI-Forum Rusiya 2017” konfransında Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən Azexport.az portalına  “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla innovativ Azərbaycanın son nailiyyətləri təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır