1 mart 2018-ci il tarixində Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 1-ci Karyera Sərgisinin açılışı baş tutub. BBN.az xəbər verir ki, ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və BANM-ın birgə təşkilatçılığı ilə həyata keçirilən sərgiyə BANM-ın rektoru Elmar Qasımov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da qatılıblar.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə öz çıxışında bu sərginin neçə-neçə potensiallı gəncin həyatında bir dönüş nöqtəsi olacağını vurğulayıb və BANM-ın bu hadisədə bir payının olmasından çox şad olduğunu bildirib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təşkil olmuş sərgi haqqında öz fikirlərini bildirərək, ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin gənclərin təcrübə keçmələri və işlə təmin olunmaları istiqamətində gördüyü işlərdən danışıb. İnam Kərimov qeyd edib ki, bu günə kimi ASAN könüllülərinin vakansiya bürosu olan www.asankadr.az vasitəsi ilə 900-dən çox könüllü müxtəlif dövlət və özəl müəssisələrdə işlə təmin olunub.
Qeyd edək ki, BANM və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin ilk layihəsi olan 1-ci Karyera Sərgisinə şirkətlər tərəfindən də böyük maraq göstərilib. Belə ki, 50-dən çox nüfuzlu yerli və transmilli şirkətlər sərgiyə qatılıb. Bu, sərgiyə üz tutan yüzlərlə gəncə həmin şirkətlərin insan resurları üzrə mütəxəssisləri ilə münasibət qurmaq və yeni iş imkanlarını dəyərləndirmək üçün böyük şans yaradıb.