6 may 2019-cu il tarixində “ASAN xidmət” mobil tətbiqinin təqdimat mərasimi keçirilib.
Vətəndaşlar “ASAN xidmət” mobil tətbiqini “Android” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər. Tətbiqi yükləmiş istifadəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər.
Vətəndaşlar mobil tətbiq vasitəsi ilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müvafiq xidmət mərkəzini seçə, zəruri sənədlərin siyahısı ilə tanış ola və növbə götürə bilərlər. Həmçinin seçilmiş xidmət üzrə təqdim olunan mərkəzlərdə növbə sayı və növbənin bitmə vaxtı ilə tanış olmaq və müvafiq mərkəzi seçmək imkanı da yaradılıb.
Təqdim olunan “Növbəni izlə” funksional bölməsi vasitəsi ilə vətəndaşlar növbə üzrə müraciətlərinin statusu ilə tanış ola bilər, həmçinin müraciətlərindən imtina edə və ya mərkəzlərə daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər.
“ASAN xidmət” mobil tətbiqində vətəndaşlar üçün onlayn müraciət və telefon vasitəsi ilə 108 “Çağrı” mərkəzi ilə əlaqə, vətəndaşın dayandığı mövqedən xidmət mərkəzinə xəritə əldə etmək və digər faydalı imkanlar yaradılıb.