“ASAN xidmət” təcrübəsi Uqanda Respublikasında tətbiq olunacaq

21 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BBN.az xəbər verir ki,görüşdə tərəflər arasında imzalanacaq memorandum çərçivəsində fəaliyyət planı üzrə əməkdaşlıq məsələləri, görüləcək tədbirlər müzakirə olunub.

Daha sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasa imzalayıblar.

Memorandumun məqsədi Uqanda Respublikasında dövlət xidmətlərinin göstərilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəetmə bacarıqlarının artırılmasıdır.

Sənəd Davamlı İnkişaf Məqsədləri və 2030 Gündəliyi kontekstində Afrika ölkələrinin inkişafı, nümunəvi idarəetmə və sosial-iqtisadi irəliləyiş baxımından xüsusi önəm daşıyır.

20-23 sentyabr 2018-ci il tarixində Dövlət Agentliyinin dəvəti ilə Azərbaycan Respublikasına səfərə gələn Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyətinin “ASAN xidmət” mərkəzləri, “ABAD” publik hüquqi şəxsi, Səyyar ASAN xidmət təcrübəsi ilə tanışlığı nəzərdə tutulub.

Həmçinin qonaqlara Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən təqdimatlar həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır