“ASAN xidmət” mərkəzlərində nağdsız ödəniş imkanı yaradılır

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, artıq “ASAN xidmət” mərkəzlərində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aparılması imkanı yaradılıb.

MBNP tərəfindən “ASAN xidmət” mərkəzlərində müxtəlif ödəniş həllərinin tətbiqi və görüləcək işlərin koordinasiyası məqsədilə avqust ayında Mərkəzi Bankın, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bankların, həmçinin xidmət mərkəzlərinin də nümayəndələrinin təmsil olundğu işçi qrupu yaradılıb. Birgə fəaliyyət nəticəsində 4 saylı Bakı “ASAN xidmət” mərkəzində və 2 saylı Bakı “ASAN Kommunal Mərkəzi”ndə ödəniş kartları ilə POS-terminal vasitəsilə təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması imkanı təmin edilib. Eyni zamanda, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində quraşdırılan “ASAN ödəniş” terminallarında müvafiq xidmətlər üzrə ödəniş kartları vasitəsilə nağdsız ödənişlər aparıla bilər.

Palata digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödənişlərin aparılması imkanlarının təmin olunacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır