“AtaBank” ASC 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Qarabağ uğrunda gedən döyüşlərdə yaralanan hərbçinin kredit borcunu bağışlayıb.
Paşazadə Vüsal Ədalət oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda, düşmən mövqelərinin məhv edilməsində, həmçinin Lələtəpənin işğaldan azad edilməsində N-saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçısı olaraq iştirak edib və bu zaman ağır yaralanaraq kontuziya alıb.
Hərbçimiz “AtaBank”-ın Mərkəz filialına dəvət edilib və İdarə Heyəti Sədrinin müavinləri Etibar Babaşlı və Səbuhi Əliyevlə görüşüb. Görüş zamanı “AtaBank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı bildirib ki: “Hərbçilərimiz vətənimizin bütövlüyü, bizim və övladlarımızın firavanlığı uğrunda düşmən qarşısında sipər olurlar, müstəqilliyimizi qorumaq üçün canlarından keçirlər. Hər bir şirkət vətən və cəmiyyət qarşısında daşıdığı məsuliyyəti unutmamalıdır. Fərd olaraq da hər birimiz torpağa, vətənə, vətənpərvərlik ruhuna sadiq qalmalıyıq. Əsgərlərimiz vətən uğrunda canlarını verir, bizim də AtaBank ASC olaraq əlimizdən gələn onlara dəstək olmaq, birlik və bərabərlik nümayiş etdirməkdir. Bu hər bir Azərbaycan övladının müqəddəs borcudur.”