Avropa Banklar Federasiyasının 45-ci toplantısında Azərbaycan Banklar Assosiasiyası təmsil olunub

Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı Direktoru Yunus Abdulov Avropa Banklar Federasiyasının (ABF) Belçikanın Brüssel şəhərində keçirilən 45-ci toplantısında iştirak edib.

Brüssel şəhərində keçirilən iclası ABF-ın İcraiyyə Komitəsinin sədri Giovanni Sabatini açmış və iclas zamanı Avropa İttifaqı ölkələrində baş verən son hadisələr, Avropa İnvestisiya Bankının Qərbi Balkan və Avropa İttifaqında rolu, risklərin azaldılması üçün tədbirlər və bu barədə danışıqlar, FinTechs-in diqqət mərkəzində olması, üzvlüyün inkişafı, həmçinin digər məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Almaniyanın Frankfurt şəhərində də nümayəndəliyi olan ABF-nin baş qərargahı Belçikanın Brüssel şəhərində yerləşir. Avropanın 32 ölkəsinin banklar assosiasiyaları Federasiyanın üzvüdür. Bu assosiasiyalar ümumilikdə 3500 avropa banklarını, 2 milyon bank əməkdaşını təmsil edir.  ABA Federasiyanın təcrübəsindən sıx faydalanır. Assosiasiyanın İcraçı direktoru Yunus Abdulov Federasiyanın Brüsseldəki baş ofisində iş təcrübəsinə malikdir. Hazırda ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının işinin təşkilində mövcud xarici təcrübə tətbiq olunmaqdadır.  ABA 2008-ci ilin fevralından ABF-nin assosiativ üzvüdür.

ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır