Avropa İttifaqında ƏDV islahatı davam etdiriləcək

Avropa Komissiyası Avropa İttifaqınında ƏDV-nin tutulması qaydalarının təkmilləşdirilməsini davam etdirərək ölkələrin bu vergini standart, azaldılmış və hətta sıfır dərəcələrini tətbiq etməkdə daha çox sərbəstlik qazanmasına çalışır.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Aİ ölkələri 15%-dən az olmayan standart dərəcədən əlavə,  5 % həcmində aşağı dərəcə və 0% həcmində ən aşağı dərəcə müəyyənləşdirə bilərlər. Bu zaman ölkələrdə orta ƏDV dərəcəsi “dövlət gəlirlərinin qorunması məqsədilə 12%-dən aşağı olmamalıdır. Bundan əlavə, hazırda qüvvədə olan güzəştlərin verilə biləcəyi mal və xidmətlərin siyahısı ləğv ediləcək, onun yerinə standart dərəcələrin tətbiq oluna biləcəyi malların siyahısı tutulacaq.

Digər tərəfdən, Avropa Komissiyası kiçik və orta müəssisələr (KOS) üçün qaydaları dəyişdirməyi də təklif edir. Təklifə əsasən, Aİ-nin hər yerində illik gəliri 2 milyon avrodan az olan KOS-lar üçün sadələşdirilmiş ƏDV prosedurundan istifadə edilə bilər, həmçinin birdən artıq Aİ-28 ölkəsində fəaliyyət göstərən şirkətlər üçün 100 min avro məbləğində ikinci hədd də müəyyənləşdirilə bilər.

Bununla yanaşı, ölkələr KOS-ların əlavə dəyər vergisinə aid müəyyən öhdəliklərdən azad olunması ilə bağlı müstəqil şəkildə qərar qəbul edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır