Rəsmi Statistikada Keyfiyyət üzrə Avropa Konfransı keçirilir

Avropa İttifaqının Statistika Bürosu (Avrostat) və Polşa Mərkəzi Statistika İdarəsinin təşkilatçılığı ilə Krakov şəhərində Rəsmi Statistikada Keyfiyyət üzrə Avropa Konfransı keçirilir.

İyun ayının 29-dək davam edəcək konfransda rəsmi statistikada tərəqqiyə nail olmaq üçün yeni statistik texnologiyalarla bağlı elmi-prakitiki müzakirələr aparılacaq, statistik istehsal prosesinin təkmilləşdirilməsi üçün innovativ yanaşmalar və keyfiyyətin təmin olunmasına dair qabaqcıl təcrübələr təqdim ediləcək.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, beynəlxalq tədbirdə həmçinin, statistikada keyfiyyətin təmin olunması standartları və onların tətbiqi zamanı qarşıya çıxan problemlərə, işçi və ekspert qrupları tərəfindən hazırlanmış son metodoloji tövsiyələrə, Avropa statistikasının normalar məcəlləsinə dair xüsusi sessiyalar təşkil olunacaq, açıq müzakirələr aparılacaq.

Beynəlxalq təşkilatların, milli statistika qurumlarının, elmi cəmiyyətlərin 200-dən çox nümayəndəsinin qatıldığı tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə iştirak edirlər.

Komitə nümayəndələrinin konfransın “Keyfiyyətin idarə edilməsi və tətbiq olunan modellər” sessiyasında “Keyfiyyətin idarə edilməsi sistemi alətləri kimi Statistik Biznes-Prosesin Ümumi Modeli (GSBPM) və İSO: Azərbaycan təcrübəsi” mövzusunda təqdimatı nəzərdə tutulub.

Konfrans iştirakçılarına Dövlət Statistika Komitəsinin keyfiyyətin təmin olunması sahəsində təcrübəsi təqdim olunacaq, eyni zamanda GSBPM və İSO 9001:2015 beynəlxalq standartlarının tətbiqi ilə bağlı əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır