2017-ci ilin 26-28 sentyabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 54-cü plenar iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Plenar iclasın gündəliyinə Azərbaycan Respublikası tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində həyata keçirilmiş tədbirlərə dair növbəti tərəqqi hesabatının müzakirəsi məsələsi də daxil edilib.
Hesabatda Azərbaycan Hökumətinin PY/TMM rejiminin effektivliyinin artırılması istiqamətində həyata keçirdiyi geniş islahat tədbirləri, eləcə də MONEYVAL-ın 2014-cü ildə ölkədə müvafiq sahədə beynəlxalq standartlara uyğunluğun IV raund qiymətləndirməsi çərçivəsində təqdim edilmiş tövsiyələrin icra vəziyyəti əhatə olunub.
Müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti ölkə rəhbərliyinin güclü siyasi iradəsi ilə PY/TMM ilə əlaqədar hüquqi, institusional və əməliyyat mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən maliyyə şəffaflığı və hesabatlıq məsuliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
MONEYVAL Katibliyi hesabat dövrünü əhatə edən son üç il ərzində Azərbaycanda əhəmiyyətli tərəqqinin əldə edildiyini qeyd etdi və PY/TMM rejiminin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan Hökumətinin üzərinə götürdüyü öhdəlikləri böyük ölçüdə yerinə yetirdiyini təqdir edib.
Müzakirələrin yekununda tərəqqi hesabatı MONEYVAL Komitəsi tərəfindən qəbul edildi.