Avropalılar nağd puldan imtina edir – MƏQALƏ

“Ancaq turistlər nağd ödəyirlər” – deyə Stokholmda yerləşən bir İsveç kafesində işləyən gənc barista bildirir. “Onlar başa düşmür ki, biz artıq bunlardan istifadə etmirik”- deyə o şikayətlənir. Belə ki, gənc xanım üçün yerli əhali tərəfindən üstünlük verilən kontantsız ödəniş üsulları daha tez və rahatdır. Çünki turistlərin gətirdikləri iri nominallı banknotları “xırdalamaq” çox vaxt alır.

İsveçlilər çox nadir hallarda üzərlərində nağd pul gəzdirirlər. Bu ölkədə kartla ödənişlərin həcmi 2000-ci ildən bu yana 10 dəfəyə qədər artmış, hazırda isə yalnız 5-7% ödənişlər nağd olaraq həyata keçirilir. Avropanın şimalında yerləşən əksər ölkələrdə də vəziyyət buna oxşardır. Amma qitənin cənub və şərq hissəsində isə mənzərə fərqlidir: Belə ki, İtaliyada ödənişlərin 83%-i hələ də nağddır. “Boston Consulting Group” məlumatına əsasən, baxmayaraq ki, ötən il orta hesabla hər norveçli 456 elektron transaksiya edib, italyanlar üçün bu rəqəm 67, rumıniyalı üçün isə 17-dir (Red: Azərbaycanda isə bu rəqəm 1,1-dir). Ən təəccübləndirici rəqəm isə qitənin ən böyük iqtiadiyyatına malik Almanlardadır.  Burada ödənişlərin 3/4 –dən çox hissəsi nağd olaraq həyata keçirilir.

Ümumilikdə baxdıqda isə, ölkə “varlandıqca” təhlükəsizlik, rahatlıq və xərc baxımından nağd ödənişlər öz yerini nağdsız ödənişlərə verir. İstehlakçılar nağd pulun “pulsuz” olduğunu fikirləşələr də, banklar və satıcılar üçün bu belə deyil: nağd pul sayılmalı, paketlənməli, nəql edilməli, saxlanmalı, mühavizə edilməli, saxtakarlığa qarşı yoxlanmalı, köhnələri yeniləri ilə əvəzlənməlidir. Araşdırmalara əsasən, təqribən ÜDM-in 0,5-1%-i arasında vəsait nağd pulların idarə edilməsinə xərclənilir.  Kened Roqovun “Nağd Lənəti” kitabında (“The Curse of Cash”) bildirilir ki, nağd pulun dövriyyədə çox olması vergidən yayınma və digər illeqal hadisələri  çoxalmasına gətirib çıxarır,  nağdsız ödənişlər isə monetar siyasətin daha effektiv olmasına səbəb olur. Hələ ki, bəzi Avropalılıar nağd puldan və sikkələrdən imtina etməkdə digərlərinə nisbətən daha istəksizdirlər.

Skandinaviya və Beneluks ölkələrində, banklar elektronik ödənişlərin ilk himayədarları kimi çıxış edərək, kartla ödənişləri alıcılar üçün daha asan və ucuz hala gətirirdilər. Azsaylı əhalisi olan İsveç və Norveçdə geniş filial və ATM şəbəkəsi saxlamaq həddən artıq xərc tələb edir. Bunun üçün də onlar optimallaşdırma edərək filialların sayını minimuma endiriblər. Məsələn, İsveçin ən böyük pərakəndə bankı olan “Swedbank”ın nağd pul saxlamaq üçün yalnız 8 filialı mövcuddur. Həmçinin banklar mobil-ödəniş texnologiyasının təkmilləşdirilməsində də öz köməkliklərini göstərirlər. Belə ki, Danimarkada “MobilePay” mobil əlavəsi 10 smartfonun 9-da istifadə olunur.

nagd-lazim-deyil

Lakin Almaniya, həmçinin qitənin cənub və şərq ölkələrinin bankları bu istiqamətdə o qədər də fəal deyillər. Alman bankları elektron və kart ödənişlərinin təbliğində çox yavaşdırlar. İtaliyada çox az adamın bank kartı mövcuddur. İstifadəçilər isə kartlardan o qədər də çox istifadə etmirlər (İtaliyada hər debit kartına 25 transaksiya düşür ki,  bu da Fransa (114) ilə müqayisə də dəfələrlə azdır (RED: Azərbaycanda isə bu rəqəm 0.83)). Bunu səbəbi isə bankların tətbiq etdiyi yüksək xidmət haqqının (interçeync) sahibkarlara sərf etməməsidir. Avropa Komisiyasının qərarına əsasən, hər debit kartı üçün interçeync haqqının maksimum həddi 0,2%, kredit kartları üçün isə 0,3%-dir.

Həmçinin bax: İnterçeync nədir? Azərbaycanda onun azaldılması üçün hansı tədbirlər görülür?

Skandinaviya ölkələrində hökümət kart istidfadəsini asanlaşdırmaq üçün köməklik göstərir. İsveçdə kassada nağd pulu qeydə alan “qara qutuların” quraşdırılması ƏDV-dən yayınmaq üçün nağda üstünlük vermə hallarını azaldıb. Danimarkada isə maaşların debit kartları üzərindən ödənilməsi transaksiyaların artmasına köməklik göstərmişdir.

Almanyada çörək istehsalı şəbəkəsi olan “Vlaams Broodhuys”un sahibi Dimitri Roz şirkət olaraq nağdsız ödənişlərə keçməkdə təhlükəsizlik və təmizlikdən qaynaqlanan səbəblərin olduğunu bildirib. “Çörəkçilər oğruların ən asan hədəflərindən biridir. Bir neçə yüz avro bəs edər ki, sən bıçaqlanasan”.  O həmçinin bildirib ki, istehlakçıların satıcının əlini pula vurduqdan sonra, onların kroasanlarına toxunmasını sevmir. “Düzdü, biz nağd puldan imtina etdikdən sonra bəzi müştərilərin narazıçılığı ilə qarşılaşdıq, amma alıcıların 90%-nin buna münasibəti müsbətdir” – deyə o əlavə edib.

Xalqın mədəni xüsusiyyətləri də burada əhəmiyyətli rol oynayır. Elektron texnikanın istifadəsinə görə, əhəmiyyətli dərəcədə irəlləmiş skandinaviyalılar adi market alış-verişini belə smartfonları üzərindən asanlıqla edə bilirlər. Amma köklü olaraq aldadılmaqdan nifrət edən almanlar belə transaksiyalara etibar etmirlər. PWC-nin keçirdiyi son sorğuya əsasən, hər 5 almandan 2-si ümumiyyətlə mobil ödəniş etmir. Buna əsas səbəb kimi məlumatların təhlükəsizliyinə inamın az olduğu göstərilib (Demək olar ki, 90% alman bundan narahatdır). Hətta Almaniya Maliyyə Nazirliyi nağd əməliyyatlara 5000 avro həddini qoyduqda günlük qəzet olan “Bild” oxucularını mitinqə çağırırdı. Həmçinin italiyanlar 2011-ci ildə nağd ödənişlər üçün tətbiq edilən 1000 avro limitini böyük etirazla qarşıladılar. İtaliyanın Baş Naziri Matteo Renzi keçən il bu həddi 3000 avroya yüksəltdi. K. Rogov düşünür ki,  İtaliya və Yunanıstan kimi zəif idarəetməyə malik ölkələrdə iri həcmli verigən yayınma halları və başqa kriminal hadisələr, həmçinin də lazımından çox artıq nağd pulun saxlanması müşahidə edilir. Həmçinin belə ölkələrdə maaşların nağd şəkildə ödənilməsi də dərin kök atmışdır.

Belə zəif inkişafa baxmayaraq, konsultasiya şirkəti olan “Andreas Pratz of AT Kearney” belə bir fikir irəli sürür ki,  əgər hər hansı ölkədə hər bir şəxsə düşən nağdsız ödənişlərin sayı 100-ə çatarsa, artıq həmin ölkədə insanlar nağd pul olmadan yaşamağın mümkün olduğunu qəbul edəcəklər. Həmçinin belə bir reallıqda mövcuddur ki,  əgər nağd ödənişlərin ümumi ticarətdəki payı azalırsa, onlara çəkilən orta xərclər artır. Belə ki, “Panteia” şirkətinin araşdırmasına əsasən, 2009-2014-cü illər arasında nağdsız ödənişlərin payının artdığı Hollandiyada bir nağd ödəniş üçün çəkilən xərc €0.22-dən €0.25-yə yüksəlmişdir. Əksinə, isə nağdsız ödənişlər üçün orta xərc isə €0.21-dən  €0.19-a enmişdir.

Əlbətdə ki, nağd puldan imtina etməyin mənfi cəhətləri də vardır: Belə ki,  bütün mağazalarda POS terminalların quraşdırılması çox baha başa gəlir. Bank hesabı olmayan aşağı gəlirli əhali bu sistemin kənarında qalır ki, onların bura daxil edilməsinə ehtiyac var. Bundan əlavə, şəxsi məlumatların anonimliyinin itirilməsi ilə bağlı narahatlıq üçün qanuni baza formalaşdırılmalıdır. Həmçinin əgər, böhran yaşanırsa, hər kəs nağd vəsaitə qaçır.

Amma hazırda nağdsız ödənişlərin üstünlükləri indiyədək olmadığı qədər güclüdür. Stokholma geri dönək: İki amerikalı bəy ciblərindəki pul yığınından lazımi vəsaiti düzəltməyə çalışırlar ki, taksinin pulunu ödəsinlər. Amma onlar bilsəydilər ki,  demək olar ki, bu şəhərdəki taksilərin hər birində POS terminal var və yalnız bu taksilərin 7%-i nağd pul qəbul edir, arxayın demək olar ki,  onlar kartla ödəməyə üstünlük verərdilər.

The Economist

Maliyyə-bank sisteminə aid maarifləndirici yazıları oxumaq üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:

https://www.facebook.com/BBNNEWS/ 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır