Avstriyanın nümayəndə heyəti ilə nəqliyyat və yüksək texnologiyalar sahəsində əməkdaşlıq müzakirə olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nümayəndə heyətinin tərkibinə Avstriya Milli Şurasının (Parlament) turizm, ətraf mühit komitələrinin sədrləri, yüksək texnologiyalar, nəqliyyat sahələri üzrə rəsmi şəxslər və şirkət rəhbərləri daxildir.

Görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verib. Nazir Azərbaycanla Avstriya arasında bütün istiqamətlərdə genişlənən əməkdaşlıq əlaqələrinin nəqliyyat və yüksək texnologiyalar sahəsində də uğurla davam etdirildiyini vurğulayıb.

Ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafında qarşılıqlı marağın olduğuna diqqət çəkən nazir gələcək əməkdaşlıq istiqamətləri və perspektivlərdən də söz açıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır