Avtonəqliyyat vasitəsi sahibləri sığorta şirkətləri ilə bağladıqları icbari sığorta müqavilələri üzrə ödəməli olduqları sığorta haqlarını artıq müstəqil şəkildə hesablaya bilərlər. Bunun üçün İcbari Sığorta Bürosunun sürücülər üçün yaratdığı və hesabla.isb.az veb-saytında təqdim olunan müvafiq onlayn xidmətdən istifadə etmək mümkündür.
Qeyd edilən sayta daxil olaraq orada avtonəqliyyat vasitəsinin növünü və özünün Bonus-Malus əmsalını daxil etməklə avtonəqliyyat vasitəsi sahibi olan hər bir şəxs bağladığı icbari sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqını öyrənə bilər. Bonus-Malus əmsalını öyrənmək üçün sürücülər öz sığorta şirkətinə müraciət edərək müvafiq məlumatı əldə edə bilərlər.
Sözügedən saytda icbari sığorta haqqının hesablanma qaydası barədə ətraflı məlumatlarla da tanış olmaq mümkündür. Belə ki, ilk öncə bilmək lazımdır ki, icbari sığorta haqqı məbləğləri dövlət tərəfindən müəyyən edildiyindən, bütün sığorta şirkətləri üzrə eynidir və bir şirkətdən digərinə fərqlənə bilməz. İcbari sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqı sadə bir düsturun köməyilə formalaşır. Bunun üçün bütün avtonəqliyyat vasitələri üçün 50 manat məbləğində müəyyən edilmiş baza sığorta haqqını, avtonəqliyyat vasitəsinin növünə görə əmsalı və sığortalının Bonus-Malus sinfinə görə əmsalını bir-birinə vurmaq lazımdır, nəticədə alınan məbləğ məhz ödənilməli olan icbari sığorta haqqını təşkil edəcək.
Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.