BBN.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 118,1 milyon manat və ya 7,0 faiz çoxdur. Vəsaitin 97,9 faizini pensiya xərcləri təşkil edib.
2018-ci ilin altı ayı ərzində əhaliyə 38,4 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 29,2 faizi hamiləliyə və doğuma görə, 32,4 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,6 faizi dəfn üçün, 20,8 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.
2018-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1311,7 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13,4 faizini təşkil edir. Onların 58,6 faizi yaşa, 29,9 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 219,2 manat təşkil edib və orta aylıq əmək haqqının 39,6 faizinə (2017-ci ilin birinci yarısında 38,7 faizinə) bərabər olub.
Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş müxtəlif kateqoriyadan olan şəxslərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artaraq 62,5 min nəfər olub.