Azərbaycan Dövlət Neft Fondunun uzunmüddətli öhdəlikləri 15,7 dəfə artıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) uzunmüddətli öhdəlikləri 2016-ı il ərzində 15,7 dəfə və ya 477,559 mln. manat artaraq bu il yanvarın 1-nə 510,026 mln. manat təşkil edib.  Bu artım əsasən ötən il cəlb edilən müddətli kreditin hesabına qeydə alınıb.

Belə ki, uzunmüddətli öhdəliklərin 472,007 mln. manatını müddətli kredit, 37,776 mln. manatını zəmanət depozitləri, 243 min manatını isə digər öhdəliklər təşkil edib.

Qeyd edək ki, zəmanət depozitləri Tokio şəhərində yerləşən “Kirarito Ginza” ticarət kompleksi üçün icarədarlar tərəfindən ödənilmiş 19,797 mln. manat  illik – 22% artımla, Seul şəhərində yerləşən “Payn Avenyu A qülləsi” kompleksi üçün ödənilmiş 16,327 mln. manat 10,5% artımla və Paris şəhərində yerləşən “SCI 8 Vandom Meydanı” kompleksi üçün ödənilmiş 1,652 mln. manat  məbləğində qabaqcadan ödənişlərdən ibarətdir.

Müddətli kredit yapon yeni ilə ifadə olunub. Bank kreditlərinin ödəmə tarixi 9 sentyabr 2024-cü ildir və kupon dərəcəsi illik 0,81% təşkil edir. Kredit üçün investisiya mülkiyyəti girov qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır