Azərbaycan neft hasilatının azaldılması ilə bağlı öhdəliyi yerinə yetirib

Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin yanvar ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

BBN.az xəbər verir ki, cari ilin yanvar  ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 814,6 min barrel olub. Bunun 759,7 min barrelini xam neft, 54,9 min barrelini kondensat təşkil edib.

Gündəlik 624,2 min barrel xam neft, 54,9 min barrel kondensat,  14,3 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi  növbəti dəfə də yerinə yetirib.

Qeyd edək ki, Azərbaycan  üzrə gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində 2017-ci il  ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barrel təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır