Azərbaycan və Türkmənistan gömrük xidmətləri arasında əlaqələrin gələcək perspektivləri müzakirə edilib

Mayın 6-da Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində ölkədə səfərdə olan Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Tanışlıq xarakteri daşıyan səfər BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin birgə layihəsi olan Konteyner Daşımalarına Nəzarət Proqramı çərçivəsində təşkil edilib. Nümayəndə heyətinə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi Mərkəzi Asiya Regional Ofisinin nümayəndələri də daxildir.

Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyev iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini, Türkmənistanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini deyib. Qonaq bugünkü görüşün də əlaqələrin genişlənməsi, xüsusilə gömrük sahəsində əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olacağını vurğulayıb, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olub, eyni zamanda, Əməliyyat-İstintaq Baş İdarəsində görüş keçiriblər.

Nümayəndə heyətinin səfəri mayın 9-dək davam edəcək.

Səfər müddətində qonaqlar Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Astara gömrük postu və ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində də görüşlər keçirəcək, həmin qurumların fəaliyyəti ilə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır