“Azər Türk Bank” Gənc Biznesmenlərə dəstək olacaq

Bu günlərdə “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Azərbaycan “Biznes Keys” müsabiqəsi (Azerbaijan Business Case Competition) Bakıda start götürəcək.

Ali təhsil ocaqlarını təmsil edən tələbə komandalarının iştirakı ilə keçirilən  bu  müsabiqədə gənclər maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə qazandıqları biliklərin tətbiqi yolu ilə, təqdim edilən real biznes problemlərinin  optimal həll yollarını göstərəcək, nəticələr isə mötəbər münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblər müəyyən olunacaq.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, səhmlərinin 75%-i dövlətə məxsus “Azər Türk Bank”, ölkədə 15-ci dəfə baş tutan bu mühüm əhəmiyyətli tədbirin də tərəfdaşı qismində çıxış edir.

“Azər Türk Bank”ın bu layihədə iştirak etməkdə niyyəti gənclərin iqtisadi sahələrdə bilik və bacarıqlarını təkmilləşdirməkdə, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə onlara dəstək vermək, nəticə etibarilə gənc intellektualların ölkənin biznes mühitinə cəlb edilməsinə vəsilə olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır