İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard ilə görüşüb.
Görüşdə Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd edilib və ticarət sahəsində GSP və GSP+ təşəbbüsləri üzrə əməkdaşlıq, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi məsələləri müzakirə edilib.
Ölkədə şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinə metodlarının beynəlxalq akkreditasiya sahəsinə daxil edildiyini qeyd edən Şahin Mustafayev bunun şərab məhsullarının, xarici ölkələrə, o cümlədən Avropa İttifaqı ölkələrinə ixracının genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd olunub ki , səfir Malena Mardın fəaliyyəti dövründə Azərbaycan və Avropa İttifaqı arasında dialoq platformasının bütün istiqamətləri üzrə iclaslar keçirilib, kənd yerləri, təhsil və regional inkişaf üzrə maliyyələşdrimə sazişləri imzalanıb.
Malena Mard Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, Avropa İttifaqı-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.