28 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) yeni təyin olunmuş sədri Mustafa Abbasbəyli ilə görüşüb.
Görüş zamanı Assosiasiyalar arası əməkdaşlıq imkanları, yerinə yetirilə biləcək ümumi işlər, maliyyə sektorunda keçirilə biləcək birgə tədbirlər, eyni zamanda Assosiasiyaların ekspert qrupları arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda maliyyə-bank sektorunda birgə araşdırmaların aparılması və ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu ilə ASA-nın Hüquq Komitəsinin birgə görüşünün təşkil edilməsi qərara alınıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.