Fevral ayının 7-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Belarus işgüzar görüşü keçirilib.
BBN.az xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən qida, tekstil və digər sahələrdə fəaliyyət göstərən 50-ə yaxın sahibkar iştirak edib.
Görüşdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsinin icra edən Yusif Abdullayev Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılması, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Belarus iqtisadi əlaqələri barədə məlumat verib, beloruslu iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühitdən yararlanmağa dəvət edib.
Belarus Respublikasının Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy çıxış edərək, Belarusun Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və ölkəmizlə iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib, əlaqələrin daha da genişlənməsi üçün potensialı vurğulayıb.