Maliyyə Sabitliyi Şurasının iclasında bildirilib ki, dövr ərzində həyata keçirilən monetar siyasət iqtisadiyyatın, ilk növbədə fiskal sektorun pula olan tələbatını nəzərə almış, pul bazasının həcmi iqtisadiyyatın tələbatını ödəyəcək səviyyədə artıb. Digər tərəfdən pul bazasının artımının məzənnə və qiymətlər sabitliyinə təsirini neytrallaşdırmaq üçün tədbirlər görülüb.
Maliyyə sisteminin dayanıqlığının təmin edilməsi, o cümlədən, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və bank sisteminin kapitallaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
İclasda “2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”na uyğun olaraq hazırlanıb “Fiskal qaydalar”, “Dövlət borcunun idarə edilməsi üzrə orta və uzunmüddətli strategiya”, “Pul bazarının inkişafı proqramı” və 2018-ci ilin makroiqtisadi sabitlik çərçivəsi ətraflı müzakirə edilib.