“Azərbaycan Beynəlxalq Bankı”nın maliyyə göstəriciləri açıqlanıb

Bu gün “Azərbaycan Beynəlxalq Bankı”nın 26 yaşı tamam olur. 10 yanvar 1992-ci ildə fəaliyyətə başlamış bank aktivlərinin həcminə görə Cənubi Qafqaz regionunun ən böyük bankıdır.

Fəaliyyətinin 26-cı ildönümü günündə Azərbaycan Beynəlxalq Bankı 2017-ci il üzrə fəaliyyətinin nəticələrini də açıqlayıb. Bank ötən il aktivlərinin sağlamlaşdırılması və xarici valyutada olan öhdəliklərinin könüllü restrukturizasiyası prosesini uğurla başa çatdıraraq yeni inkişaf mərhələsinə daxil olub.

“Azərbaycan Beynəlxalq Bankı”nın sağlamlaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, eləcə də bankın gəlirliyinin artırılması, xərclərinin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış addımlar bankın kapital mövqeyini əhəmiyyətli şəkildə gücləndirib. Nəticədə, bankın kapitalı (requlyativ kapital) 525 milyon manata, kapital adekvatlığı əmsalı isə minimum normativ tələbi 1,8 dəfə üstələyərək 18%-ə yüksəlib.

2017-ci ilin sonuna bankın aktivləri 8.69 milyard manat, öhdəlikləri 7.75 milyard manat, balans kapitalı isə 0,94 milyard manat olub. Kredit və depozit portfeli isə müvafiq olaraq 1.8 milyard manat və 5.1 milyard manat təşkil edib. Beləliklə, “Azərbaycan Beynəlxalq Bankı” ölkədə ən böyük kapitala və aktivlərə malik olan bankdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır