Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin 78-ci sessiyası keçirilib. Sessiyada ölkəmizi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Sessiyada Dayanıqlı Mənzil Təsərrüfatı Xartiyası, 2030-cu ilə qədər dayanıqlı inkişaf hədəflərinin qlobal göstəricilər sistemi, BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsi tərəfindən son bir il ərzində həyata keçirilən tədbirlər, Avropa İqtisadi Komissiyası regionu üçün 2014-2020-ci illər üzrə Mənzil Təsərrüfatı və Daşınmaz Əmlak İdarəçiliyi Strategiyası və Tədbirlər Planının icra vəziyyəti nəzərdən keçirilib, habelə aidiyyəti mövzularda ölkələrin təqdimatları dinlənilib.
Bununla yanaşı, sessiya çərçivəsində daşınmaz əmlak idarəçiliyi məsələləri də müzakirə edilərək, bu sahədə həyata keçirilmiş tədbirlərin icra vəziyyəti və daşınmaz əmlak idarəçiliyinin müxtəlif aktual mövzuları barədə fikir mübadiləsi aparılıb.
Tədbirin ikinci günündə Avropa İqtisadi Komissiyası regionunun mənzil təsərrüfatı və daşınmaz əmlak idarəçiliyi nazirlərini bir araya gətirən nazirlər seqmenti ilə başlayıb. Nazirlər seqmentində Nazirlərin Cenevrə Bəyannaməsinin layihəsi geniş müzakirə edilib. Sonra üzv dövlətlərin nazirləri və komitə rəhbərləri çıxış edib.
Sessiya çərçivəsində region üçün mənzil təsərrüfatı və daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bir sıra qərarlar da qəbul edilib.
Qeyd edək ki, BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin iki gün davam edən 78-ci sessiyası işini noyabrın 10-da yekunlaşdıracaq.