Azərbaycan-BP əlaqələrinin inkişafına dair müzakirələr aparılıb

İqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns ilə görüşüb.

BBN.az xəbər verir ki, yeni vəzifəyə təyin olunması münasibətilə Qari Counsu təbrik edən Şahin Mustafayev Azərbaycanın uzun müddətdir ki, BP ilə əməkdaşlıq etdiyini və əlaqələrimizin etimad üzərində qurulduğunu vurğulayıb.

BP-nin podratçısı olan şirkətlərdən birinin Sumqayıt Kimya Sənaye Parkında xidmət və istehsal sahəsində fəaliyyət göstərməkdə maraqlı olduğunu qeyd edən Şahin Mustafayev yaradılmış əlverişli şərait və görülən işlərlə yaxından tanış olması üçün Qari Counsu SKSP-ə dəvət edib. İqtisadiyyat naziri SKSP-də görülən işlər, sənaye parkında yaradılan müasir Peşə Tədris Mərkəzi barədə məlumat verib, mərkəzin 2018-ci ildə fəaliyyətə başlayacağını diqqətə çatdırıb. Bildirilib ki, BP tələb olunan ixtisaslı kadrların hazırlanması üçün Peşə Tədris Mərkəzinə sifarişlər verə bilər. Bundan başqa, BP-nin sənaye sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə əməkaşlığının genişləndirilməsi məqsədəuyğundur.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns diqqətə çatdırıb ki, BP-də çalışan işçilərin 90%-nin yerli kadrlar olduğunu qeyd edən şirkət təmsilçisi Azərbaycan Dövlət Neft və Sənaye  Universitetində və Azərbaycan Diplomatik Akademiyasında müxtəlif sahələrdə, eləcə də sənaye sektoru üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə müasir şərait yaradıldığını, bunun gələcəkdə də yüksək səviyyəli kadr hazırlığında önəmli olacağını qeyd edib. Qari Couns BP-nin ölkəmizdə həyata keçirdiyi və nəzərdə tutulan layihələr barədə məlumat verib, şirkətin neft-qaz sahəsi ilə yanaşı, Azərbaycanda həyata keçirilən müxtəlif sosial layihələrdə iştirakını diqqətə çatdırıb.

Qeyd edək ki, görüşdə Azərbaycan-BP əməkdaşlığının gələcək perspektivlərinə, həyata keçirilən enerji layihələrinə, eləcə də dünya enerji bazarındakı son vəziyyətə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır