Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.
İclasda Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, Hökumətlərarası Komissiyanın Litva tərəfdən həmsədri, xarici işlər naziri Linas Linkyaviçyusun başçılıq etdiyi Litva nümayəndə heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas iştirak ediblər.
Litva Respublikasının xarici işlər naziri L.Linkyaviçyus hökumətlərarası komissiyanın fəaliyyətini yüksək qiymətləndirildiyini bildirib. Komissiyanın son iclasından keçən ötən müddət ərzində görülən işlər barədə məlumat verən nazir Komissiyanın fəaliyyətinin Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişlənməsində xüsusi rola malik olduğunu qeyd edib və ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. L.Linkyaviçyus qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Litvanın ən mühüm iqtisadi tərəfdaşıdır. Litva-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük potensial var. Xüsusilə, yüksək texnologiyalar, neft-kimya, nəqliyyat, yeyinti sənayesi, toxuculuq sənayesi kimi sahələrdə əlaqələri inkişaf etdirmək lazımdır.