Fevralın 13-də Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələrinə və Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfərinə dair mətbuat konfransı keçirib. Tədbirdə nazir Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əməkdaşlıq perspektivlərinə və Azərbaycan nümayəndə heyətinin 5-7 fevral tarixlərində Çin Xalq Respublikasına səfərinə dair məlumat verib.
Vurğulanıb ki, Azərbaycan-Çin iqtisadi əlaqələri inkişaf edir, ölkəmiz Çinlə əməkdaşlığın inkişafına xüsusi önəm verir. Azərbaycan Respublikasının Prezidenti Çinə 5 səfər edib, dövlət başçısının səfərləri zamanı mühüm razılaşmalar əldə olunub, 2015-ci ildə “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalanıb.
Azərbaycan nümayəndə heyətinin 5-7 fevral tarixlərində Çinə səfəri çərçivəsində Pekində “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans, işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Çin biznes forumu, Sianda Azərbaycanın investisiya mühitinə və tranzit potensialına dair təqdimat keçirilib, Çin rəsmiləri, eləcə də Konfransda iştirak etmiş Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətləri ilə görüşlər təşkil olunub, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb, 2 sənəd imzalanıb.