Azərbaycan dekabrda Vyana sazişi üzrə öhdəliyini yerinə yetirib

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini 2017-ci ilin dekabr ayında da yerinə yetirib.

BBN.az-ın məlumatına əsasən, Energetika Nazirliyi Azərbaycanın ötən ilin dekabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, ötən ilin dekabr ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 810 min barrel olub. Bunun 755.1 min barrelini xam neft, 54.9 min barrelini isə kondensat təşkil edib. Gündəlik 649.4 min barrel xam neft, 54.9 min barrel kondensat, 20.1 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793.9 min barrel, fevralda 776.4 min barrel, martda 733.3 min barrel, apreldə 781.1 min barrel, mayda 785.3 min barrel, iyunda 793.7 min barrel, iyulda 796.7 min barrel, avqustda 734.8 min barrel, sentyabrda 785.7 min barrel, oktyabrda 800.6 min barrel, noyabrda isə 790.7 min barel olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır