Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti Bolqarıstan Respublikasında işgüzar səfərdə olub

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti fevralın 11-12 tarixlərində Bolqarıstan Respublikasında işgüzar səfərdə olub.

Nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov rəhbərlik edib. Səfər Bolqarıstan Respublikası Maliyyə Nazirliyinin Milli Gömrük Agentliyinin Baş direktoru Georgi Kostovanın dəvəti ilə baş tutub.

Səfər zamanı Bolqarıstan Gömrük Xidmətinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova da iştirak edib.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasət və həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, gömrük-biznes əməkdaşlığının inkişafı kontekstində “Yaşıl dəhliz” və digər buraxılış sistemləri kimi yeniliklər və gömrük sistemində aparılan son islahatlardan danışıb.

Azərbaycan və Bolqarıstan arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini bildirən İsmayıl Hüseynov, o cümlədən iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığının önəmindən bəhs edib. Ümumi Tranzit Proseduru haqqında Konvensiya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyaya qoşulma, eləcə də Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqinə hazırlıq çərçivəsində Bolqarıstanın bu sahədə təcrübəsinin Azərbaycan üçün maraq kəsb etdiyi bildirilib.

Bolqarıstan Respublikası Maliyyə Nazirliyinin Milli Gömrük Agentliyinin Baş direktoru Georgi Kostova iki ölkənin gömrük orqanları arasında səmərəli əlaqələrdən söhbət açıb, Bolqarıstan tərəfinin öz təcrübəsini bölüşməyə daim hazır olduğunu deyib.

Görüşdə, eyni zamanda, 2019-2020-ci illər üçün Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavinliyinə seçkilər, gömrük işi sahəsində risklərin idarə edilməsi, Avropa İttifaqında elektron ticarətin aparılması zamanı rüsum və vergilərin toplanması qaydası, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, gömrük işi sahəsində hüquqpozmalar və ümumi maraq kəsb edən digər məsələlər müzakirə olunub, əməkdaşlığın daha səmərəli həyata keçirilməsi üçün bəzi razılıqlar əldə edilib.

Səfər zamanı Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti həmçinin Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) praktiki tətbiqi baxımından Bolqarıstan-Serbiya sərhədində yerləşən “Kalotina” sərhəd-gömrük buraxılış məntəqəsinin fəaliyyətilə də tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır