İordaniyanın Əmman şəhərində Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
BBN.az xəbər verir ki, iclasda Azərbaycanı İqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin, İordaniya tərəfdən isə sənaye, ticarət və təchizat naziri Yarub Qudahın rəhbərlik etdikləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu nümayəndə heyətləri təmsil edib.
İclas zamanı Azərbaycan və İordaniya arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq və əlaqələrin inkişafı perspektivlərinə dair müzakirələr aparılıb.
Nazir Şahin Mustafayev ölkələr arasında siyasi əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycan-İordaniya iqtisadi əməkdaşlığının genişlənməsinə də böyük imkanlar yaratdığını bildirib. Görüşdə Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafında müsbət rolu qeyd edilib. Bildirilib ki, hazırda Azərbaycanda ticarət və xidmət sahələrində 9 İordaniya şirkəti fəaliyyət göstərir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 37% artıb.
Tədbirin sonunda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb.
Qeyd edək ki, sənəd ticarət, investisiyalar, sənaye, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, kənd təsərrüfatı, mədəniyyət və turizm, standartlaşdırma, su təsərrüfatı, gömrük, əmək və əhalinin sosial müdafiəsi, ətraf mühit və digər sahələrdə əməkdaşlığı əhatə edir.